Читать книгу Ağ qəm онлайн
106 страница из 131
Zərif, əzizim, sevimlim, mələyim, dərdim, kədərim, gözlərimin yaşı, ürəyimin ağrısı, mənim sağalmayan yaram! Əgər bacarsan, məni bağışla. Mən ağılsızın günahından keç. Bircə şeyə zərrə qədər şübhən olmasın ki, nə etmişəmsə, səni sevdiyimdən etmişəm. Mənim ucbatımdan aldığın fiziki və mənəvi zərbələrə görə məni əfv et. Bir daha sənin yolunun üstünə çıxmayacağam. Amma bil ki, səni dünyada mənim qədər sevən ikinci adam olmayıb, bundan sonra da olmayacaq. Səni ömrümün sonuna kimi sevəcəyəm. Amma narahat olma, bundan sənin xəbərin olmayacaq, bundan sənə bir zərər toxunmayacaq.
Məktubu sənə göz yaşları içində yazıram. Onu yazdıqca ürəyim qan ağlayır. Kaş bu görüş olmayaydı, mənim həyatımı alt-üst eləmiş, arzularımı öldürmüş, ümidlərimi soldurmuş bu görüş hardan gəldi? Bu görüş sakit ömrümdə qorxunc bir qasırğa kimi qopdu, hər şeyin mənasını dəyişdirdi.
Zərif, bilirəm ki, mənə olan qəzəbin keçməyib. Amma zaman hər şeyi həll edir, əzizim. Yadında saxla, sənin bu dünyada Aydın adında dostun var. Haçan sənə lazım olsam, haçan köməyimə ehtiyacın olsa, bil ki, yanındayam. Yox, əgər məni bağışlaya bilməsən, onda nə etməli? Çarəm sənə “Əlvida” deməyə çatır. Əlvida, mənim əlçatmaz Zərifim!”