Читать книгу Ağ qəm онлайн
108 страница из 131
Təsəvvür etdi ki, səhər açılıb, anası onu aparmağa gəlib. Gözlərini bərk-bərk yumub bunu xəyalında canlandırdı. Möcüzə baş verib-vermədiyini yoxlamaq üçün gözlərini açdı. Amma yox, heç bir möcüzə-zad baş verməmişdi.
O, səssizcə, içini çəkə-çəkə ağlayırdı ki, qonşu otaqda paltar ütüləyən Həcər xala eşidib hirslənməsin. Aynur pəncərənin qabağına keçib üzbəüz birmətəbəli evin pəncərəsinə tamaşa etməyə başladı. Pəncərənin qarşısında qoyulmuş stolun ar-xasında arıq, mehriban sifətli bir kişi oturub ağ vərəqlərə nə isə yazırdı. Aynur onu burada görməyə adət etmişdi, həmişə maraqla ona göz qoyardı. Bu məşğuliyyət onu yamanca əyləndirərdi. O adam hərdən başını qaldırıb üzbəüz evin pəncərəsindən baxan bu balaca qıza mehribanlıqla gülümsəyər, sonra yenə öz işinə davam edərdi. “Görəsən nə yazır?” – deyə Aynur fikirləşərdi. Onun qələmi necə cəld işlətdiyini, ağ vərəqləri necə sürətlə qaraltdığını görüb heyrətə gələrdi. Bəzən bu adam başını kağızların üstünə qoyub hərəkətsiz qalar, gah da başını əlləri arasına alıb sakitcə oturardı. Aynur onu yalnız axşamlar görməyə adət eləmişdi. Gündüzlər bu pəncərədə kimsə görünməzdi.