Читать книгу Ağ qəm онлайн

25 страница из 131

Kişi oturanda onun pəjmürdə halı gözlərindən yayınmadı. İlk dəfə fikrindən keçdi ki, onun da dərdi ola bilər. Bura niyə gəldiyi bir anlığa yadından çıxdı. Yanındakı bu yaşlı adamın gecənin bu vaxtında kimsəsiz sahil bağında gur yağışın altında gəzişməsinin səbəbi nə idi? Öz dərdini ona danışmaq arzusu bir anda müsahibinin dərdini öyrənmək istəyi ilə əvəz olundu. Nə idi onu gecənin zülmətində küçələrə salan?

– Sizə nə olub? – Ehtiyatla soruşdu.

– Bu gün rəhmətlik arvadımın ilidir.

– Allah rəhmət eləsin. Yəqin yaxşı insan idi.

– Eh, yaxşı var, yaxşı var....

– Deyəsən mehriban dolanmısınız.

– Elədir.

– Uşaqlarınız varmı?

Üç oğlum var. Amma uşaqların öz yeri var, ömür-gün yoldaşının öz. İndi yaşımın bu vaxtında tək-tənha qalmışam.

– Oğlanlarınız sizə baxmırlar?

– Baxmağına baxırlar, amma onları ayırmışam. Gəlinlərim növbə ilə evimin səliqəsinə, paltarlarımın təmizliyinə diqqət yetirirlər, arada gəlib yemeyimi də bişirirlər. Amma dünyada heç kəs adama həyat yoldaşını əvəz edə bilməz. İnsan belədir, itirməsə, qədir bilməz. Rəhmətə gedən günü anladım ki, onsuz mənim yaşamağımın heç bir mənası yoxdur. İndi hamı öz evində, isti ocağındadır, mənsə tək-tənha, yetim uşaq kimiyəm. – Kişinin gözləri yaşla dolu idi. O, Talihəyə uzun, sınayıcı nəzərlə baxdı:

Правообладателям