Читать книгу Ağ qəm онлайн
24 страница из 131
Talihə qarşısındakı adamla dərdləşməyə ehtiyac duydu. Kişi elə bil onun xəyalından keçənləri anladı:
– Ağla, xanım, ağla, boşalarsan. Nə qədər ki, ağlaya bilirsən, ağla, yoxsa xəstələnərsən.
Talihə minnətdarlıq dolu baxışlarını ona zillədi. Ağlamağına ara verdi, daha doğrusu, göz yaşlan çəkilib getdi.
– Dərdin böyükdür? – Kişi bunu kədərlə soruşdu.
– Çox.
– Əziz adamını itirmisən?
Bu sözlərdən Talihənin bədənini üşütmə tutdu. “Əziz adamalarını” gözləri qabağına gətirdi – Aygün, Aytən, Taleh… Təsəvvür etdi ki, onlardan birini itirib. Bu fikirdən dəhşətə gəldi.
– Yox, yox, heç kimimi itirməmişəm. – Talihə həyəcan içində, qorxunu özündən uzaqlaşdınrmış kimi cavab verdi.
– Onda çəkdiyin dərd deyil, çətinlikdir, çətinliyi isə həll etməyə çalışmaq lazımdır.
Bu naməlum adam onda qəribə bir etibar hissi oyatmışdı. Gecənin bu vaxtında, gur yağışın altında onunla belə məhrəmanə söhbət edən adama ürəyini açmaq, onu bu vəziyyətə gətirib çıxaran həyəcanlarını onunla bölüşmək istədi.
– Əyləşin, – deyib ona yer göstərdi.