Читать книгу Ağ qəm онлайн
19 страница из 131
– Nə? Nə dedin? Deməli mən abırsızam, hə? Sən iş axtarmaqdansa, acından ölməmək üçün mən qapılara düşmüşəm ki, qəpik-quruş qazanım, üstəlik abırsız da oluram?
– Lazım deyil mənə sənin işin, qaxılıb otur xarabanda. – Taleh hirsindən tir-tir əsirdi.
– Mən sənə görə yox, uşaqlara görə əldən-ayaqdan gedirəm ki, sabah küçələrə düşməsinlər.
– Hələ ki, mənim maaşımı yeyirsiniz.
– Ay yazıq, sənin maaşın yavan çörəyə də çatmır. Bir ildir evin əşyalarını satıram, onun pulunu yeyirik. Daha satmağa da bir şey qalmayıb, görüm indi nə yeyəcəksən.
– Sən mənə bəhanələr gətirmə, Allah bilir hansı cəhənnəmə gedirsən.
Bu sözlər Talihənin olan-qalan səbrini də əlindən aldı. Çantasını zərblə yerə çırpıb var-gücü ilə çığırdı:
– Vicdansız! Şərəfsiz! Özünü qısqanc qələmə vermək istəyir.
Talihə hiss etdi ki, dodaqlan, burnu keyiyir. Əllərinin, ayaqlarının barmaqları bircə anın içində buza döndü. Müvazinətini itirib yerə yıxılmamaq üçün özünü güclə ələ aldı, yataq otağına keçib qapını içəridən bağladı. Çarpayıya sərilib hönkür-hönkür ağlamağa başladı. Hirs, qəzəb, hikkə, açıq dolu hönkürtü bir xeyli çəkdi. Doyunca ağlayandan sonra yo-rulub sakitləşdi. Bir saata qədər beləcə uzanılı qaldı. Bu halda özündən, ərindən zəhləsi gedirdi, həyatına nifrət edirdi.