Читать книгу Ağ qəm онлайн
15 страница из 131
Bir neçə saat yol ölçəndən, yorulub əldən düşəndən sonra heydən düşmüş ayaqları yenidən onu evə qaytardı.
Qapını açan Taleh arvadını pəjmürdə görüb narahat oldu:
– Nə oldu, bir şey çıxmadı?
Onun bu sualı Talihəni cin atma mindirdi, hirsini saxlaya bilmədi:
– Bəlkə sən də iş axtarasan? Mənim dərdimi çəkməkdənsə, özünə bir gün ağlasan yaxşı olmazmı?
– Nə yemisən belə? – Taleh incidi, amma özünü o yerə qoymadı.
– Evdə yeməyə bir şey var bəyəm? – Talihə suala sualla cavab verdi.
– Yoxdur, yemə!
Ərinin sərt cavabı Talihənin hirsini alovlandırdı:
– Mən yemərəm, bəs uşaqlar? Onlar yazıq deyillər, bir həftədir evdə şordan başqa heç nə yoxdur.
– Tək sənin evin belədir bəyəm? Şor tapmayanlar da var. Allahına şükür elə ki, osa da var.
– Özgələrin dərdi mənə qalmayıb. Məni yandıran odur ki, neçə aydır qapılar döyürəm, amma sənin tükün də tərpənmir. Özünə zəhmət verib iş axtarmaq fikrinə düşmürsən. Elə bil bu evin sənə heç bir dəxli yoxdur.
– Neynim, gedib oğurluq edim?
– Oğurluğa qədərki bütün yolları keçmisən bəyəm? Demirəm ki, dostların, qohumların kimi alver elə. Tutaq ki, üzüyolasan, bu iş əlindən gəlmir, bəs başqa iş niyə axtarmırsan?