Читать книгу Ağ qəm онлайн
16 страница из 131
– Sən çox axtardın, tapa bildinmi?
– Sən kişisən, yük də daşıya bilərsən.
– Demək istəyirsən ki, gedib hamballıq edim? – Taleh səsini qaldırdı.
– Mənim istədiyim odur ki, ayağını ayağının üstündən aşırıb günlərini televizorun qabağında keçirməyi tərgidəsən. Özünü ailə başçısı kimi aparasan, ailə təəssübü çəkəsən, məsuliyyət hissi keçirəsən.
Taleh əlini zərblə stola çırpdı:
– Bəsdir, mənə ağıl öyrətmə, özüm bilərəm nə edərəm. – O, əsəbi halda qonaq otağına keçib qapını arxasınca çırpdı.
Taleh son vaxtlar arvadının hər sözündən inciyirdi, hər iradı xətrinə dəyirdi. Ona elə gəlirdi ki, Talihənin sözlərinə zəhər qarışıb, arvadının hər sözü məcazi mənada işlədir, ərinin düşdüyü indiki vəziyyət onu əsla maraqlandırmır, daşqəlbli, hissiz, duyğusuz adam olub.
Ürəyində arvadına bərk acığı tutmuşdu, ondan zəhləsi gedirdi. Qınayan olmasaydı, indi dişinin dibindən çıxanı ona yağdırardı, kinini, qəzəbini, hirsini söyüş söyməklə dağıdardı. Amma bunu edən deyildi, belə şeylər təbiətinə yad idi, həm də bilirdi ki, arvadı nəyə dözsə də, söyüşə, təhqirə davam gətirməz. İlk dəfə ürəyində küçə sözləri ilə, ən kobud, ən qaba sözlərlə söyüş söymək arzusu baş qaldırdı. Ömründə belə arzuda olmamışdı. Bir azdan bu arzusu arvadını vurmaq, əzişdirmək arzusu ilə əvəz olundu. Sonra evdəki qab-qacağı sındırmaq, dağıtmaq istədi. Amma bir azdan sakitləşdi, aynabəndə çıxıb dərindən nəfəs aldı. Xəfif axşam küləyi üzünə dəyəndə bundan xoşhallandı.