Читать книгу Ağ qəm онлайн
31 страница из 131
Talihənin ürəyi sıxıldı, çarpayısını yığışdırıb otaqlarda səliqə-sahman yaratmağa başladı. Bir azdan aclığını hiss edib yenidən mətbəxə keçdi. Çaydanı qazın üstünə qoyub soyuducunu açdı: bir parça yağdan və bir yarımçıq banka cemdən başqa burada heç nə yox idi. Yağa neçə gün idi ki, heç kəs əl vurmurdu. Ərzaq qablarını bir-bir yoxlamağa başladı: hamısının içi boş idi. Aynabəndə keçib oradaki soyuducunu açdı, yadına düşdü ki, onu bir neçə ay əvvəl söndürüb. Bir vaxtlar iki soyuducu onu görmürdü, üçüncünün arzusunda idi. İndi isə mətbəxdəkini də söndürməyin vaxtının gəlib çatdığını anladı. Kartof qabında iki-üç kartof və bir neçə soğan qalmışdı. “Kartof bişirərəm”, – deyə fikirləşdi. Talehin maaşına hələ üç gün var idi. Bəs bu üç günü necə yola verəcəkdi? Evdəki qəpik-quruş üç dənə çörəyə ancaq çatırdı.
Çaydan pıqhapıqla qaynayır, su döşəməyə tökülür, mətbəx buxarla dolurdu. Talihə isə başını əlləri arasına alıb düşünür, düşünürdü. İndi düşünməkdən savayı onun əlindən heç nə gəlmirdi. Qazın yanından axaraq stolun ayaqlanna kimi gəlib çatmış suyu görəndə cəld çaydanı odun üstündən götürdü, çay dəmlədi. Bir azdan mətbəxə qaynamış çayın tünd qoxusu yayıldı. Qazı keçirib “yaxşı oldu, çay tünd olacaq, – deyə kədərlə gülümsədi.