Читать книгу Ağ qəm онлайн

32 страница из 131

Özünə çay süzüb yağ, cem çıxardı, dünəndən dilinə bir loxma çörək dəyməmişdi. Amma qızlarının, ərinin evdən ac çıxdıqlarını düşünəndə vicdan əzabı çəkdi. Çayı qəndsiz içib qonaq otağına keçdi, televizoru yandırdı. Yenə reklam verirdilər, növbənöv yeməklərin, şirniyyatın tərifi gedirdi. Sonra itlər, pişiklər üçün hazırlanmış yeməklərin reklamı başladı. Hirslənib kanalı dəyişdi. Başqa kanallarda da maraqlı heç nə yox idi.

Əli heç nəyə yatmırdı. Başı gicəllənirdi. O günkü beyin silkələnməsi deyəsən işini görürdü. Amma bu barədə evdə bircə kəlmə də deməmişdi, doğmalarının fikir çəkmələrini istəmirdi. Divanda uzananda qab-qacaq şkafının şüşəsində öz əksini görüb təəccübləndi: arıqlamış, üzünün almacıq sümükləri bayıra çıxmışdı. Bu halda gənc qıza oxşayırdı, eynilə tələbəlik çağındaki kimi idi. Onda da belə köməksiz , ehtiyac içində idi. Amma yox, o vaxt özünü belə bədbəxt hiss etmirdi, çünki onda sabaha ümidli idi, saysız-hesabsız arzuların qanadında uçurdu. O vaxt gənc, gözəl, istedadlı idi. O vaxt həyat yenicə başlayırdı. O vaxt tək idi. İndi isə ailə məsuliyyəti, uşaqların qayğısı, saysız-hesabsız problemlər onu bürümüşdü, nəfəs dərməyə qoymurdu.

Правообладателям