Читать книгу Ağ qəm онлайн

40 страница из 131

Kapitalizm, keçmiş sosializm şəhərinə qəti, dönməz addımlarla daxil olurdu. Bunu küçələrdə addımbaşı təsadüf olunan dilənçilər, ağzına kimi dolu mağazalar, içəri girməyə ürək eləməyib onlann yanından ötüb keçən kasıblar bir daha sübut edirdi. Talihə, bir zamanlar həvəslə gəzişdiyi, yaşıllıqlarla əhatə olunmuş birmərtəbəli fın evlərinin yerləşdiyi məhəlləyə çatanda gözlərinə inanmadı.

Çoxdan buralara yolu düşmədiyindən baş vermiş dəyişikliklər onu sarsıtdı. Yaşıl və güllü çəpərləri indi 2-3 metr hündürlüyündə daş hasarlar əvəz etmişdi. Əvvəlki üstü qırmızı kirəmitli, bir mərtəbəli səliqəli evlərin yerində iki, üç, dörd mərtəbəli dəbdəbəli imarətlər ucaldılmışdı. Əvvəlki balaca evlərin görkəmi, buradakı həyətlərin səliqə-sahmanı, gülü, çiçəyi həmişə onu hüyran edərdi. İndiki evlərin əzəmət və ehtişamı isə buz soyuqluğu verirdi. Hündür barılardan içəriyə quş quşluğu ilə səkə bilməzdi.


Kapitalizmin Bakıda qəti və inamlı addımlarla irəlilədiyini elə bu evlər də sübut edirdi. Şəhər artıq formalaşırdı. Mərkəzdəki yaxşı evləri imkanlılar alırdılar. İmkansızlar isə tədricən şəhərətrafı yerlərə köçürdülər. Belə alver hər iki tərəfi qane edirdi. Kasıblar aldıqları pula öz kasıblıqlarını edir, varlılar isə səylə təmir işlərinə başlayır, məişətlərini yüksək cəmiyyətin tələblərinə uyğun şəkildə qurmağa çalışırdılar.

Правообладателям