Читать книгу Ağ qəm онлайн
45 страница из 131
Talihə yetişdirdiyi bitkilərin hər birinə övladı kimi bağlanmışdı. Onlan əzizləməkdən, nazlarını çəkməkdən yorulmurdu. Burada açılan hər çiçəyə sevinirdi. Bu bağ ona nə qədər fərəh bəxş edirdi! O, şəhərdə kiçik bir kənd mənzərəsi yarada bilməsi ilə fəxr edirdi. Artıq burada qəribə bir mikroiqlim yaranmış, saysız-hesabsız quşlar, böcəklər, kəpənəklər üçün bu bağ doğma yuvaya çevrilmişdi.
Yaz gələndən onlar az qala bütün boş vaxtlarını burada keçirirdilər. Qızılgül talvarının altında çay içməyin ayrı ləzzəti var idi. İndi təsəvvür edəndə ki, bu bağı atıb harasa başqa bir yerə köçməlidir, acığından bilmirdi neynəsin.
Şam yeməyindən sonra Talihə Maralın təklifini ərinə dedi. Taleh özünəməxsus soyuqqanlılıqla:
– Hansı axmaq öz rahat evini qoyub harasa gedər? – dedi və söhbət bununla bitdi.
* * *
Qonaq otağında televizora baxan Talihə Aytənin səsinə dəhlizə çıxdı.
– Ana, tez ol bura gəl, Arifgil köçür.
Mətbəxin pəncərəsindən ev əşyaları yüklənmiş maşını görəndə Talihənin ürəyi sıxıldı. Yük maşınının yanında dayanmış Arifin 8-9 yaşlarında oğlunun gözlərindən pərişanlıq yağırdı. Adətən səsli-küylü olan dəcəl məhəllə uşaqları onun ətrafına toplaşıb Arifin iki kişi ilə şey-şüyü maşına necə yüklədiyinə tamaşa edirdilər. Binanın eyvanlarında kimsə gözə dəymirdi. Yəqin bu qəmli mənzərəni görməmək, köçənlərin narahatlığını artırmamaq üçün Tali- həgil kimi hiss etdirmədən onları seyr edirdilər.