Читать книгу Ağ qəm онлайн
47 страница из 131
Talihə Aytənə hiss etdirmədən sakitcə yataq otağına keçib içəridən qapını bağladı, çarpayısına sərildi. Göz yaşları sel kimi axır, yastığını isladırdı – bunlar ümidsizlik, köməksizlik yaşlan idi. Bu an düşdüyü vəziyyətdən çıxış yolu olmadığını, qurtuluşun mümkünsüzlüyünü öz-özünə iitiraf et-mək onun üçün çox ağır idi.
O, çarəsizliyin kulminasiya nöqtəsində idi. Bunu dərk edirdi, amma dəf etməyə nə gücü, nə də taqəti vardı. Bu, həqiqət idi – acı və amansız həqiqət. Bu həqiqət onun sinəsinə çalın-çarpaz dağ çəksə də, ürəyini siyirsə də, varlığını alt-üst etsə də, olan-qalan qətiyyətini əlindən alsa da, onu qəbul etməli idi. Edirdi də. Qəbul etməyib neynəyəcəkdi ki?
Reallıq ondan ibarət idi ki, sabah çörək almağa pulları yox idi. Ömrü boyu ən çətin, ən mürəkkəb vəziyyətlərdən öz gücü, ağlı və iradəsi ilə çıxmışdı. İndi də ola bilməzdi ki, bu vəziyyətdən çıxış yolu tapılmasın. Haradansa bir çıxış yolu görünməli idi. Lakin haradan?
Ürəyində Talehi yamanladı, onun bu an divanda uzanıb etinasız halda televizora tamaşa etdiyini fikirləşəndə hirsləndi. “Kaş kişi olaydım, gedib daş daşıyardım, amma ailəmi bu vəziyyətə salmazdım”, – deyə fikirləşdi. Sonra ürəyində özünə nəsihət verməyə başladı: “Dur ayağa, özünü ələ al, ağlını başına yığ, düşün, vəziyyətdən çıxış yolu axtar. Sənin sınmağa, ruhdan düşməyə ixtiyarın yoxdur. Sən iki qız anasısan. Onların məsuliyyəti sənin boynundadır. Öz acizliyini onlara göstərməyə haqqın yoxdur. Hər şey asanlıqla düzəlsəydi, nə vardı ki? Allah bacadan tökməz, görək özün çalışasan”. Sonra özünü yamanladı: “Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib?”