Читать книгу Ağ qəm онлайн

48 страница из 131

Deyəsən nəsihətləri ona yaxşı təsir etdi. Çarpayısını səliqəyə saldı, heç nə olmayıb kimi üzünə xoş bir ifadə verib yenicə qonaq otağına keçmişdi ki, telefon zəng çaldı. Danışan rəfiqəsi Rasimə idi. O, bir nəfər tanışının fəl-səfə tarixinə dair kitablar satın almaq istədiyini bildirdi. Rasimə tələb olunan kitabların adlarını ona bir-bir yazdırdı. Bunların hamısı Talihənin şəxsi kitabxanasında var idi. Rasimə bunu yaxşı bilirdi, onun pula ehtiyacı olduğunu da hiss edirdi.

– Neçəyə alır? – Talihə boğuq səslə soruşdu.

– Hər kitaba iki-üç şirvan verəcək. Yaxşısı budur, özün alver elə.

– Alverlik halım yoxdur, ünvanı ver, gəlib kitabları aparsın.

Telefon dəstəyini yerinə qoyanda Talihənin ürəyindən qəribə, bu vaxta qədər ona tanış olmayan bir ağrı keçdi. Elə bil nə isə qiymətli, əvəzsiz bir şeyini itirmişdi. Bu halını ətrafdakılara hiss etdirməməyə çalışdı. Neçə il əvvəl bu kitabları Moskvadan alıb gətirmişdi. Aspiranturada oxuyan Talihə onların köməyi ilə minimumlarını vermiş, dissertasiyasını yazıb başa çatdırmışdı.

Правообладателям