Читать книгу Ağ qəm онлайн
53 страница из 131
Talihə Simuzərin beş yaşlı oğluna həm dayəlik etməli, həm də ona rus dilini öyrətməli idi. İş vaxtı səhər saat 9-dan axşam saat 5-ə kimi olmalı idi.
Beş dəqiqə ona bir saat qədər uzun göründü. Nəhayət, içəri otağın qapısı açıldı və Simuzər xanım oğlu ilə zala daxil oldu.
Axşam Talihə özünü illər yorğunu kimi hiss edirdi. Saatın əqrəbləri saat 5-in üstündə dayananda evdəkilərlə sağollaşıb qapıdan çıxmaq istəyirdi ki, Simuzər xanım əlindəki içi zibillə dolu iki kağız torbanı ona uzadıb dedi:
– Bunu küçədə zibil qabına atarsan!
Bu hökm dolu tələb Talihəni sarsıtdı. Kim bilir, bu qara xanım ondan həlimcəsinə xahiş etsəydi, bəlkə də inciməzdi. Amma o, əmr edirdi, gösrəriş verirdi. Yəni ki, hünərin var, atma! Səni işə mən götürmüşəm, istəsəm qaravaş kimi işlədəcəyəm!
Talihəyə elə gəldi ki, indicə aldığı gözlənilməz zərbə boyunu balacalaşdırdı, səsini aldı, onu yazıq görkəmə saldı. Elə bil bu, o deyildi, başqa Talihə idi. Öz görkəmi, duruşu, yerişi, danışığı özünə miskin göründü.
Torbalan götürüb qapıdan çıxdı. Onları küçənin başındakı zibilliyə tullayıb ağır addımlarla, yorğun halda avtobus dayanacağına sarı getdi. İlk dəfə hiss elədi ki, yaşlaşıb.