Читать книгу Ağ qəm онлайн
56 страница из 131
Günlər keçdikcə Talihənin ərinə daha çox acığı tutmağa başlamışdı. Qısqanclıq zəhərli ilan kimi gündə yüz dəfə onun ürəyində baş qaldırırdı. Nə qədər çalışsa da, bu dəhşətli hissdən xilas ola bilmirdi. “Yəqin kimisə var, vaxtını onunla keçirir, yoxsa belə hissiz, duyğusuz olmazdı”, – deyə ürəyində öz-özünə fikirləşirdi. “Bəlkə onu izləyim?” Birgə yaşadıqları uzun illər ərzində ilk dəfə idi ki, belə bir fikir ağlına gəlirdi. “İzləyəcəyəm, yoxlayacağam, görüm kimdir bu yaşda onu belə yoran”. “Bəs sonra?” O, bu suala cavab vermək iqtidarında deyildi. Fikirləşəndə ki, ərinin yaxınlıq etdiyi bir qadın var, dünya gözlərində qaralırdı. Əslində bunu bilməkdənsə şübhələr içində yaşamaq yaxşı idi. Amma yox, ya o yanlıq olmalı idi, ya da bu yanlıq, orta yola hacət yox idi.
* * *
Səhər Taleh evdən çıxanda Talihə hiss etdirmədən onun izinə düşdü. Elə getmək lazım idi ki, həm aralarında məsafə olsun, həm də Taleh onu görməsin.
Taleh avtobusa minəndə Talihə taksi saxladı.
Qabaqda gedən avtobusun arxasınca gedəcəyik. Bütün dayanacaqlarda saxlayacaqsan.