Читать книгу Ağ qəm онлайн
59 страница из 131
Onun belə gecələri çox olmuşdu, olduqca çox. Səhərə kimi ağlayıb ürəyi ilə danışdığı dərdli gecələri. Lakin bu gecəki halı əvvəlkilərə əsla oxşamırdı. Bu gecə onu tamam başqa, özünün də anlamadığı qəribə bir üzgünlük bürümüşdü. Gərəksizlik, lazımsızlıq hissi bütün varlığına sarılmış, ruhuna hakim kəsilmişdi. Bu, sözlə deyilə, dillə ifadə edilə bilən hiss deyildi. O, unudulmuş, tərk edilmiş, daha sevilməyən bir insanın keçirdiyi əzablı fikirlərin məngənəsində çabalayırdı. Uşaq kimi hönkürüb ağlamaq istəyirdi. Rəşid otaqda olmasaydı, bir saat hönkürərdi. Yana-yana ağlayar, bundan sonra bəlkə də bir qədər sakitləşərdi. Amma ağlaya bilmirdi: Rəşid oyana bilərdi. Göz yaşlarından onun zəhləsi gedirdi. Rəşid Zərifənin ağladığını görməməli, onun bu halından xəbər tutmamalı idi. “Allah, sən mənə səbr ver”, – deyib yavaşca sağ böyrü üstündən sol böyrü üstə çevrildi. Özü də bilmədən dərindən ah çəkdi.
– Yatmamısan? – Rəşid ahı eşitdi.
– Yatıram.
– Sənə soyuq deyil? – deyə Rəşid yerindən tərpənmədən soruşdu.