Читать книгу Ağ qəm онлайн

61 страница из 131

Neçə vaxt idi ki, Zərifənin həyat ritmi öz adi ahəngini itirmişdi. Onun gündəlik qayğıları da öz məcrasını dəyişmişdi. Zərifə nə etdiyini, nə geyindiyini, nə yediyini bilmirdi. İş yoldaşlarının dediklərinə görə onun hərəkətləri də, danışığı da başqalaşmışdı. Görkəmindən daim etinasızlıq, biganəlik yağırdı. Danışıb ucadan güldüyü zaman birdən-birə gülüşü dodaqlarında donub qalırdı. Tərpənməz oturub, gözlərini bir nöqtəyə zilləmək ondan ötrü adi hala çevrilmişdi. İşdə ondan tez-tez soruşurdular: “Sənə nə olub?” Təəccüblə sual verənə baxır, “yəqin havadandır”, – deyə cavab verirdi. Bu cavabla əslində özünü sakitləşdirməyə çalışırdı, sanki özünə təskinlik vermək istəyirdi ki, heç nə olmayıb, heç bir hadisə baş verməyib. Var gücü ilə, bütün varlığı ilə buna özünü inandırmağa səy göstərirdi.

Əlbəttə ki, səbəbkar hava idi. Hər şeyin günahı yaz havasında idi. O, hamını dəyişdirmiş, insanların ruhunu yerindən oynatmışdı. Özü ilə təbiətə bir oyanış, qəribə bir qaynarlıq, coşqu gətirmişdi. Hamının qanı qaynayırdı. Bahar ağacların tumurcuqlarından, quşlann civiltisindən tutmuş hər şeyə dərindən nüfuz etmişdi. Zərifənin də ürəyini tərpətmişdi. İllərdən bəri oraya yığılmış, üst-üstə qalanmış, özünün də çoxdan bəri xəbər tutmadığı, daha doğrusu, uşaq kimi hamıdan gizlətdiyi, ən dərin, əlçatmaz yerdə qoruduğu duyğularını, hiss-lərini oyatmış, onlan dilləndirmişdi. Ürəyini elə möhkəm tərpətmişdi ki, həzin kamanın, yanıqlı neyin qopardığı səslər kimi özündən sonra iz qoymuşdu. Zərifə çaşqınlıq içində qalmışdı. Özü də baş aça bilmirdi ki, bu necə titrəyiş, nə cür tərpənişdir. Mənası nədir, niyə onu bu qədər dəyişdirib, nədən üzünün rəngi avazıyıb, niyə gözlərindəki qəm azalmır? Niyə eşitdiyi hər mahnıda, hətta şən, oynaq musiqidə də həzin notlar tapır? Oxuduğu hər şeirdə qəmli fikirlər görür? Niyə o, çoxları kimi sevinclə yox, qəmlə köklənib? Zərifə bunların heç birinin səbəbini tapa bilmirdi.

Правообладателям