Читать книгу Ağ qəm онлайн
65 страница из 131
– Bu gün ad günüm olduğu özümün də yadımdan çıxmışdı. Bəs sən bunu yadında necə saxlamısan? – Güya ki, təəccüblə müsahibindən soruşdu. Cavabını əzbər bildiyinə baxmayaraq. Aydının etirafını yenidən eşitmək üçün diqqət kəsildi.
– Mənim yadımdan nə çıxıb ki? – Aydın bunu yavaşca dedi. Sonra isə keçib mizin arxasında oturdu: – Mənim yaxşı yaddaşım var. Zərif. Özü də sənə aid olan nə varsa, hamısını beynimə həkk eləmişəm. İstəsəm belə onlan oradan çıxara bilmərəm.
– Belə de…
– Özü də bunları sən məndən də yaxşı bilirsən.
Zərifə cavab vermədi. Baxışlarını ondan yayındırmağa çalışdı. Amma Aydın onun baxışlarını tutdu:
– Niyə dinmirsən?
– Dəyişməmisən, Aydın. Adamlar var ki, yaşa dolduqca başqalaşırlar, xasiyyətləri dəyişir, amma sən necə idinsə, eləcə də qalmısan, – Zərifə söhbətin ciddi məzmun almasını istəmədi, həmişəki kimi sözlərinə zarafat donu geydirməyə çalışdı.
– Səhv edirsən, mən çox dəyişmişəm. Bircə sənə olan münasibətim dəyişməyib. Bunun da səbəbi sənsən. Həmişəki kimi gözəlsən. Zərif. Gündən-günə daha da gözəlləşirsən. İllər səndən yan ötür. Onlar sənə qıymaq istəmirlər. Vaxt ötdükcə sənə daha çox bağlanıram. Sən olmasan, yaşaya bilmərəm.