Читать книгу Ağ qəm онлайн

67 страница из 131

– Danışma, Aydın, bizə belə sözlər danışmaq yaraşmaz. Nə uşağıq, nə də cavan. İkimiz də ailəli, yaşlı adamlarıq. Hisslərlə oynayan vaxtımız deyil.

Ancaq Aydın onu eşitmirdi. O, öz aləmində idi.

– Rəşid xoşbəxt adamdır. Sənin kimi qadınla ömür sürmək doğrudan da xoşbəxtlikdir. Mən ona həmişə həsəd aparmışam.

Zərifə Aydının sarışın qıvrım saçlarına, dümdüz burnuna, yaşıla çalan iri gözlərinə diqqətlə baxır, düşünürdü ki, bu adam ona necə də doğmadır, bütün doğmalarından, əzizlərindən daha yaxındır. Onun təlatümlü ürəyindən, orada fırtına qoparan hisslərindən, coşub-daşan duyğularından Aydın qədər heç kəs xəbərdar ola bilməz. Yadına tələbəlik illəri düşdü. Ondan bir neçə kurs yuxarı oxuyan Aydının məhəbbətindən fakültədə hamının, elə Zərifənin özünün də xəbəri olsa da, o, cəsarət tapıb bu barədə Zərifəyə bircə kəlmə də deməmişdi. Onu hər yerdə addımbaaddım izləyən Aydının yaxınlaşıb ona söz deməyə, ürəyini açmağa iqtidarı çatmadı. Zərifə nişanlanandan sonra bir daha onu görmədi. İnstitutu bitirən Zərifə beş il heç yerdə işləmədi. Əvvəl münasib iş tapa bilmədi, sonra isə ailəyə, uşaqlara başı qarışdı.

Правообладателям