Читать книгу Ağ qəm онлайн
69 страница из 131
Bu sözlə o, ürəyindəkilərin hamısını açıb dedi. Bunu gözləməyən Zərif, özünü itirib nə deyəcəyini bilmədi. Nəhayət, dilləndi:
– Mən ərdəyəm, Aydın, iki oğlum var.
– Bilirəm.
– Sən necə, evlənmisənmi?
– Bir oğlum, bir qızım var.
– Çox şadam.
Aydın ona uzun, nüfüzedici nəzərlərlə baxdı. Elə baxdı ki, Zərifənin bədənindən üşütmə keçdi. Sonra Aydın kədərlə soruşdu:
– Xoşbəxtsənmi, Zərif?
Belə sual gözləməyən Zərifə özünü itirdi:
– Hə, xoşbəxtəm.
– Yanılmırsan ki? – Sualın qoyuluşu Zərifənin xoşuna gəlmədi:
– Sən mənim xoşbəxtliyimi istəmirsən? – deyə suala sualla cavab verdi.
– Əlbəttə istəyirəm. – Aydın bu sözləri könülsüz dedi. Səsinin ahəngindəki qeyri-səmimiliyi özü də, Zərifə də başa düşdü.
Tələbəlik illərində bircə dəfə də olsun kəlmə kəsməmiş iki köhnə tanış o gün xeyli söhbətləşdi. Sonra Aydın təzə həkimi şöbənin kollektivinə təqdim etdi. O gündən onların böyük dostluğunun təməli qoyuldu.
Aydın həssas, qayğıkeş və üzügiilər adam idi. Savadlı olduğu qədər də sadə idi, bu cəhəti ona xəstəxana kollektivi arasında böyük hörmət qazandırmışdı. Ailəsinə, uşaqlarına qarşı diqqətcil olduğunu Zərifə ilk gündən hiss etmişdi. Zərifəye münasibəti isə heç nə ilə müqayisə oluna bilməzdi. Onun ən kiçik arzusunu, ən böyük xahişini belə elə sevinclə yerə yetirirdi ki, elə bil həyatının mənası bunları yerinə yetirməkdən ibarət idi. Onun üçün bayramlar ona görə əhəmiyyətli idi ki, həmin bayramlarda o, Zərifəni təbrik edəcəkdi, işə hamıdan tez gəlib aldığı çiçək dəstəsini xəlvətcə Zərifənin stolunun üstünə qoyacaqdı. Aydının təsəvvüründə dünyada Zərifədən gözəl, ondan ağıllı, ondan sevimli ikinci qadın yox idi. Zərifə ilə bağlı hər xırda şeyin, hər əhəmiyyətsiz hadisənin Aydın üçün böyük əhəmiyyəti var idi.