Читать книгу Ağ qəm онлайн
54 страница из 131
Səkinin o üzündə dayanıb arvadının – neçə-neçə kitabın müəllifinin özgə evinin zibilini neçə atdığına tamaşa edən Taleh sinəsini dəlib çıxan hönkürtünü başqaları eşitməsin deyə yaxınlıqdakı bağa tələsdi. Adamsız, sakit bir güşədə oturub əlləri ilə başını tutdu. Onun vüqarlı Talihəsi bu gün elə yazıq, elə köməksiz, elə aciz, elə müti, elə miskin idi! Taleh dünyada hər şeyini qurban verməyə razı idi, təki bayaqkı anlar həqiqət olmasın, təki onlar yuxu olsun.
* * *
Üç aya yaxın idi ki, Taleh evə gec gəlirdi. Üç ay idi ki, onun eyni açılmırdı. Hər gün qaranlıq düşəndə evə dönür, adəti üzdə divanda yerini rahlayıb televizora tamaşa edirdi. Heç kəsdən heç nə xahiş etmir, qabağına yemək qoyulanda yeyir, elə oradaca yuxuya gedirdi.
Onun bu qəribə həyat tərzi Talihəni əsəbiləşdirirdi. O, zahirdə özünü təmkinli, səbrli, sakit aparsa da, daxilində qəzəbdən coşub-daşırdı. “Harada idin?” sualına Taleh həmişə eyni cavabı verirdi: “İşdə”. Eyni sual və eyni cavab demək olar ki, hər gün təkrar olunurdu. Talihə içinə yığılmış hikkəni güclə udur, təmkinini pozmamağa, qızlarının yanında artıq sözə, hərəkətə yol verməməyə çalışırdı. Taleh isə arvadının bu halına qətiyyən məhəl qoymurdu. Əslində Talihəni təbdən çıxaran da ərinin bu biganəliyi idi.