Читать книгу Ağ qəm онлайн
78 страница из 131
– Bu dəqiqə. Rəşid, səni istəyirlər.
– Allo! – Rəşidin səsini eşidəndə dəstək Zərifənin əlindən düşdü.
Həmin hadisədən sonra Zərifə sındı. Bu sınmaq onunla nəticələndi ki, o, tamamilə özünə qapandı. Rəşidə bircə kəlmə də demədi, bunu ona bildirməyi özünə ar sandı. “Qoy elə bilsin ki, mənim heç nədən xəbərim yoxdur” , – deyə fikirləşdi. Lakin o gündən yataq otağındakı qoşa çarpayıları ayırdı. Ən təhqiredici bu idi ki, Rəşid onları niyə ayırdığını Zərifədən soruşmadı da. Deyəsən buna heç fikir də vermədi.
* * *
Zərifə yenicə hamamdan çıxmışdı. Nazik gecə köynəyində güzgünün qabağında dayanıb yaş saçlarını darayırdı. Uzun, şabalıdı saçlarını dəsmalla bir xeyli qurulayıb çiyinlərinə atdı. Rəşid divanda uzanıb oradan arvadına tamaşa edirdi. Birdən yuxudan ayılan kimi oldu: elə bil Zərifəni ilk dəfə görürdü. Bu fikirdən tutulan kimi oldu. Amma arvadının varlığını deyəsən doğrudan da unutmuşdu. Bir evin içində iki yad kimi dolanırdılar. “Hə”, “Yox” dan başqa son vaxtlar Zərifədən ayn söz eşitmirdi.