Читать книгу Ağ qəm онлайн
75 страница из 131
Bir dəfə işdən sonra Aydın ona yaxınlaşdı:
– Sənə bir söz deyəcəyəm. Ancaq söz ver ki, onu ürəyinə salmayacaqsan.
Aydının tonu Zərifənin xoşuna gəlmədi. Onun nə isə xoşagəlməz bir şey deyəcəyini başa düşüb səbrlə gözləməyə başladı.
– Bax ha, özündən çıxmamalısan. Bu, həyatdır. İnsan hər şeyə hazır olmalıdır.
Onun təmkini Zərifəni hövsələdən çıxardı:
– Ürəyimi üzmə, de görüm nə demək istəyirsən?
– Mən deməyə də bilərdim. Amma özgələrdən eşitməkdənsə, məndən eşitməyin yaxşıdır.
Zərifə daha özünü saxlaya bilmədi:
– Mus-mus deyincə, Mustafa de, daha səbrim daraldı.
– Yaxşı, diqqətlə qulaq as. Rəşidin sevdiyi başqa bir qadın var.
– Nə? – Zərifə qəfil zərbə almış adamlar kimi müvazinətini itirdi. Yıxılmamaq üçün tez stula çökdü. – Nə dedin? Rəşidin sevdiyi qadın var? – O, var gücü ilə bağırdı. Aydın onun dəhşətdən dəyişmiş sifətini görüb dediyinə peşman oldu. Lakin artıq söz deyilmişdi.
– Sən yalan danışırsan! Bizim xoşbəxtliyimizə həsəd apardığına görə bunu uydurmusan. İstəyirsən bu yolla Rəşidi mənim gözümdən salasan.