Читать книгу Ağ qəm онлайн

83 страница из 131

– Nə olub? – deyə Məleykədən soruşdu.

– Doktor Ömərovun ürəyi tutub.

Zərifə həyəcanla özünü içəri atanda bir neçə həkimi burada gördü. Aydını taxta uzandırmışdılar. Onun rəngi avazımışdı, bayaqkı şən əhval-ruhiyyəli adamdan əsər-əlamət qalmamışdı. Məleykə onun qoluna iynə vurdu, sonra dərman içirtdi.

Bir azdan Aydının halı yaxşılaşanda hamı bir-bir otaqdan çıxdı. Zərifə isə içəridə ayaq saxladı.

– Sənə birdən-birə nə oldu? – deyə günahkar tərzdə soruşdu. Sanki onun bu halına Zərifə bais olmuşdu.

– Mənimlə bir də o cür zarafat eləmə. – Aydının bu bir cümləsində hər şey var idi. Bu bir cümlə Zərifəyə qarşısındakı adamın bütün varlığını, ürəyinin bütün duyğularını açıb göstərdi. Bu sözlərdə yalan və qəlp ola bilməzdi. Aydının onu sevdiyinə bundan böyük sübut nə ola bilərdi? Onu bu vaxta kimi heç kəs, heç vaxt belə güclü məhəbbətlə sevməmişdi. Lakin bu fikir onu sevindirmədi, əksinə, ürəyinə həzin bir kədər yayıldı. “Qəribədir, mən Rəşidi sevirəm, Rəşidsə Asyaya vurulub. Aydın məni sevir, mənsə ona qarşı etinasızam. Niyə belə olsun axı? Dünyanın qəribə işləri var, sən sevdiyin səni sevmir, səni sevəni sən sevmirsən. Görəsən həyat niyə belədir? Rəşid məni Aydın qədər sevsəydi, həyatım bu qədər əzablı, bu qədər iztirablı keçməzdi. Bəs niyə başqasını sevən biri ilə ömür sürməlisən? Bilə-bilə ki, o, səni sevmir, addımbaşı sənə xəyanət edir, buna dözməlisən? Qadınsan deyə hər şeyə göz yumub ismətini, namusunu qorumalısan? Bəs Asya? Onun isməti yoxdur? Eh, keçdin yenə Asyanı tənqidə. Bəs o insan deyil? O sevə bilməz? Neynəsin ki, qismətinə evli kişi çıxıb. Eh, ay Aydın, sən heç olmasa arxayınsan ki, arvadın aydan arı, sudan durudur. Nə olsun ki, onu sevmirsən. Axı həyat təkcə mə-həbbətdən ibarət deyil. Həyat etibar, vəfa, sədaqətdir. Bunlar olmayandan sonra yaşamağın nə mənası?”

Правообладателям