Читать книгу Ağ qəm онлайн
87 страница из 131
Zərifəyə elə gəlirdi ki, bu görüş Aydından ötrü bəlkə də kiçik bir təsəlli, bir baş sığallama olacaq. Onu bu qədər sevən, yolunda hər cür fədakarlığa hazır olan bu adamın ürəyinə həmin görüş xoş bir sərinlik yayacaq. Bəzən Zərifə qorxu içində düşünürdü ki, bu görüşdən sonra Aydının gözlərində adiləşəcək, zirvədən aşağı diyirlənəcək, onun üçün həyatdakı adi qadınlardan birinə çevriləcək. O, bunu istəmirdi. Aydının gözündə adiləşməkdən qorxurdu. Bunun xudpəsəndlik olduğunu bilsə də, Aydının ona olan məhəbbətinin azalmasını istəmirdi. Lakin görüşdən sonra Aydın ona möhkəm bağlana da bilərdi. Zərifəyə əli çatandan sonra daha da çılgınlaşa bilərdi. Zərifəni ən çox qorxudan da elə bu idi.
…Zərifə ərinin açılmamış yatağına baxdı: ötən gecə də gəlməmişdi. Qısqanclıq gürzə kimi yenidən ürəyində baş qaldırdı. Ağır düşüncələr içində geyinib evdən çıxdı. Təyin olunmuş vaxta hələ çox qalırdı. Ona görə də küçələri dolaşmağa başladı. Özünü ağır bir cinayətə hazırlaşan adam kimi hiss edirdi. Zərifəyə elə gəlirdi ki, küçədən ötənlərin hamısı ona baxır, ürəyindən keçənləri gözlərindən oxuyur, şərəfsiz hərəkətinə görə onu ittiham edirlər. Keçirdiyi sonsuz həyəcandan sifəti pörtmüşdü. “Bəlkə getməyim?” – deyə fikirləşdi, lakin birdən Aydını gözləri önündə canlandırdı. Onun nə hala düşəcəyini təsəvvür edəndə həmin fikirdən daşındı. Bu zarafat ona baha başa gələ bilərdi. Yox, getməli idi, artıq qərar qəbul edilmiş, ox yayından atılmışdı.