Читать книгу Özgə ağrısı онлайн

4 страница из 75

Zorla geyinib asta addımlarla həyətə çıxdı. Tər-təmiz sübh havası üzünə toxunanda sanki yuxudan ayıldı, kürəyini divara söykəyib bir an tərpənməz halda qaldı. Özünə gəlib acgözlüklə, ciyərdolusu nəfəs aldı, sanki bu kiçik səadətin onun əlindən alınacağından qorxurdu. Bir xeyli beləcə dayandı, sonra ayaqlarını sürüyə-sürüyə əlüzyuyana yaxınlaşıb suyu açdı. Buz kimi soyuq su canına üşütmə saldı. Yenidən evə keçib dəsmalla qurulandı. Yorulmuşdu. Taqətsiz halda stula çöküb nəfəsini dərdi. Başı gicəllənir, gözləri tor görürdü. «Qurban olduğum Allah gör məni nə günə salıb», – deyə ürəyində şikayətləndi.

Saatın əqrəbləri 5-in üstündə dayananda tələsik addımlarla evdən çıxıb kəndin yuxarı başına tərəf səmt aldı. Bacardıqca tez yeriyirdi ki, kimsəyə rast gəlməsin. Sorğu-sual, hal-əhval başlanacaqdı, buna isə davam gətirməyə taqəti yox idi.

Məhəllənin başındakı sonuncu ev də arxada qalanda arxayınlıqla nəfəs alıb, addımlarını bir qədər yavaşıtdı. Son üç ay ərzində ilk dəfə idi ki, bu qədər yolu birdən qət edirdi. Yorulub əldən düşmüşdü, amma dincəlmək fikri yox idi. Qorxurdu ki, birdən otursa, daha yerindən qalxa bilməz. Ona görə də özünü məcbur edirdi ki, mənzil başına çatanacan davam gətirə bilsin. Nəhayət, istədiyi yerə – Yargundan rayon mərkəzinə tərəf gedən maşın yolundan xeyli aralıdakı böyük təpəyə çatanda sevinclə «İlahi, şükür sənə!» – deyib iri bir daşın üstündə oturdu. Buradan kənd ovuc içi kimi görünürdü. Aşağıda Samur çayının ilan kimi qıvrılmasına, hikkəsindən daşlara çırpılaraq köpüklənib gurultu sala-sala axmasına tamaşa etmək onu əyləndirdi. Həyətlərdə vurnuxan adamlar bapbalaca görünürdülər. Mal-qara böyürtüsü, xoruz banı, it hürüşü kəndi başına götürmüşdü. Üç yol ayrıcında kimsə dayanıb naxırın yığılmağını gözləyirdi. Diqqət kəsildi, Şahmuradı tanıdı. «Bu gün onun növbəsidir», – deyə həsədlə fikirləşdi. Vaxtilə növbəsi çatanda o da beləcə camaatın mal-qarasını örüşə aparardı. Hanı o günlər, hanı o sağlamlığı?..

Правообладателям