Читать книгу Özgə ağrısı онлайн

6 страница из 75

– Camal dayı, ay Camal dayı, istidən bişdin ki!..

Qonşunun oğlu idi. O, üzündən sağlamlıq və gənclik yağan bu pəhləvan cüssəli, qarayanız oğlanın yalın ayaqlarına baxanda canından üşütmə keçdi. «Bala, bəs sənə soyuq deyil?» – deyə soruşmaq istədi, amma sözlərinin qəribliyə salınacağını düşünüb, heç nə demədən kədərlə gülümsədi. Yarəlinin günəşdən yanıb qaralmış, tunc rəngə çalan enli sinəsinə, əzələli qollarına həsədlə tamaşa etdi…

Yazda bu yerlər başdan-başa bənövşələrə qərq olurdu. Adətən, hər il oturduğu bu yerdən baharın ilk müjdəçiləri olan bənövşələri seyr edər, sonra isə dərməyə qıymadığından, dizləri üstə çöküb onları qoxlayar, ətirlərini ciyərlərinə çəkərdi. Elə bir bahar olmurdu ki, onların görüşünə gəlməsin. Bircə bu yaz köhnə adətinə xilaf çıxmışdı. Xəstəlik onu göz açmağa qoymamışdı. Elə zəifləmiş, elə halsızlamışdı ki, evdən çölə çıxa bilməmişdi. Ürəyi üzülə-üzülə, qəlbi kədərdən sıxıla-sıxıla təbiətin bu nazlı çağını, torpağın qış yuxusundan oyanan, yerin dirçələn vaxtını görə bilmədiyinə görə yanıb-yaxılsa da, əlindən heç nə gəlməmişdi.

Правообладателям