Читать книгу Özgə ağrısı онлайн

11 страница из 75

İndi budur, qocalıq gözlənilmədən, vaxtsız-vədəsiz gəlib onun qapısını döymüş, özü ilə saysız-hesabsız ağrılar, acılar gətirmişdi. Qızları ona tez-tez baş çəksələr də, pal-paltarını yuyub, yeməyini hazırlasalar da, onu tənhalığın əlindən qurtarmağa gücləri çatmırdı.

Sabah səhər qızlarının hər ikisi uşaqlarını da götürüb ona baş çəkəcəkdi. Keçən həftə gedəndə «Bu şənbə-bazar hamımız yanında qalacağıq», – demişdilər.

Axşamın qəmli kölgəsi yavaş-yavaş kəndin üstünə enəndə Camalın pəncərəsindəki ağ işıq da öləziyir, otağa qaranlıq çökürdü. Bir azdan ətraf qatı zülmətə qərq oldu.

Camal canında dözülməz bir ağrı hiss etdi. Ağrı ona gah üşütmə, gah da qızdırma verirdi. Ayağa qalxıb dərman axtarmağa halı yox idi. Bir az keçmişdi ki, nəfəsi təngidi, gözlərinin üstünə sanki qara pərdə endi. Sonra elə bil çəkisizliyə düşdü. Bədəni yavaş-yavaş soyuyurdu. Əl-ayağı buza dönmüşdü. Var gücü ilə gözlərini açıb pəncərəyə nəzər saldı. Gecənin qaranlığında stəkanın içindəki yalqız bənövşəni güc-bəla ilə sezdi. Ürəyindən son dəfə bu zərif çiçəyi qoxlamaq, onun ətrini ciyərlərinə çəkmək, onunla vidalaşmaq arzusu keçdi. Lakin bu, ona bütöv bir ömrü yenidən yaşamaq qədər çətin göründü. Çarpayısı ilə pəncərə arasındakı iki metrlik məsafə ona çox uzaq gəldi. «Hə, vədəm yetib, ölürəm, amma vidalaşmadan olmaz. Uşaqlarla olmadı, heç olmasa bənövşəmlə sonuncu dəfə görüşüm. Orda Bənövşəmə onun hədiyyəsi ilə vidalaşdığımı deməliyəm, mütləq deməliyəm», – dedi.

Правообладателям