Читать книгу Özgə ağrısı онлайн

46 страница из 75

Xədicə ərinin ağarmış saç-saqqalına, qırışlarla örtülmüş xırda, mehriban gözlərinə baxıb, qəmli səslə dedi:

– Əgər bacarsaydım, gücüm çatsaydı…

Ələddin onun nə demək istədiyini yaxşı bildiyindən özünü toxtaq tutmağa çalışdı.

– Əlimdən bir şey gəlsəydi, səni qoyub getməzdim. Bu yaşda səni tək-tənha qoymaq heç insafdan deyil. Amma deyəsən tək qalacaqsan, – Xədicə sözünü tamamladı.

Adətən, özünü heç nə olmamış kimi göstərməyə çalışan, arvadının yanında deyib-gülən, xəlvətə düşəndə isə gözünün yaşını saxlaya bilməyən Ələddin onun bu sözlərindən kövrəldi:

– Niyə ümidsiz danışırsan, Xədicə? Nazim səni sağaldacaq, görərsən… Əgər qismətimə tənhalıq yazılıbsa, bu, bir alın yazısıdır. Onu dəyişməyə kimsənin qüdrəti çatmaz.

O, qəhərini udub sözünə davam elədi:

– Səndən yerdən göyəcən razıyam, Xədicə. Sənsiz mənim həyatım heçdir. Bunu bil ki, ömrüm boyu sənə sadiq olmuşam, özüm də, qazancım da ailəmə məxsus olub…

Sonra söhbəti uşaqların üstünə gətirdilər. Övladları sarıdan ikisinin də bəxti gətirmişdi. Hamısını oxutmuş, ailə sahibi etmişdilər. Bu vaxta kimi onların bir sözünü iki edəni olmamışdı. Hansının evinə gedirdilərsə, o qədər hörmət, o qədər qayğı görürdülər ki, həmişə balaları üçün Allaha dua edirdilər. Xədicə infarkt keçirəndən bir gün sonra Bakıda yaşayan kiçik qızları Aynur gecəyarısı həyəcanla içəri girəndə hamı heyrətə gəlmişdi. Xədicə Nazimlə Ələddinə dönə-dönə tapşırmışdı ki, xəstəliyi barədə uşaqlara heç nə deməsinlər. Amma heç iki gün keçməmiş hamı bundan xəbər tutmuşdu. Bircə qonşu rayona gəlin köçən Təhminəyə bildirməmişdilər. Hər gecə narahat yuxular görən Təhminə tez-tez evlərinə zəng çalırdı, gəlindən anasını çağırmasını istəsə də, o, hər dəfə gah anan qonşudadı, gah həyətdədi deyib, ya da ağlına gələn bir şey uydurub qızı sakitləşdirmək istəyir, narahat yuxularını hamiləliyi ilə əlaqələndirirdi. Qarmaqarışıq yuxuların əlində qalan Təhminə dözə bilməyib anasına baş çəkmiş, onu yataqda görəndə uşaq kimi hönkürüb ağlamış, onu aldatdıqları üçün hər kəsdən incimişdi…

Правообладателям