Читать книгу Özgə ağrısı онлайн

51 страница из 75

– Nazim, ölürəm… – Anası bu sözləri güclə, olan-qalan qüvvəsini toplayıb dedi.

– Qorxma ana, ürəktutmasıdır, dərman içən kimi keçib gedəcək, – Nazim onu sakitləşdirmək istədi. Lakin özü öz səsindən qorxdu. O, Xədicənin çarpayısının yanındakı kiçik şkafın üstündən dərman şüşəsini götürmək istəsə də, həyəcandan bunu edə bilmirdi.

Xədicə artıq boğulurdu, havası çatmırdı. Nazim anasının göyərmiş, qansız dodaqlarına dodaqlarını yapışdırıb ona süni nəfəs verməyə başladı. Deyəsən bunun köməyi oldu. Anası gözlərini açıb ona baxdı. Nə isə demək istədi, amma taqəti çatmadı. Nazim hiss edirdi ki, anasının dodaqları soyuyur, bədəni süstləşir. Nəhayət, Xədicənin dodaqları tamam buza dönəndə ondan aralandı. Onun üzündə həyat əlamətləri sönmüşdü…


***


…Sabah qırx olacaqdı. Uşaqlar yerdə, xalçanın üstündə bardaş qurub oturmuşdular. Nazimin gözünün önündən anasının son anları kino lenti kimi gəlib keçirdi. Bayaqdan bəri bacılarının növbə ilə danışdığı xatirələr onu çox kövrəldirdi. Anasını ölümün pəncəsindən ala bilmədiyinə görə özünü qınayırdı. Çingizin üzünə heç baxa bilmirdi. Analarının ölümü hamıdan çox onu sarsıtmış, o gündən hələ də özünə gəlməmişdi. İnana bilmirdi ki, daha anası bir də bu evdə onu qarşılamayacaq, öpüb oxşamayacaq, öyüd-nəsihət verməyəcək. Uşaqları təkcə analarının itkisinə yanmırdılar, onları ağrıdan daha bir səbəb var idi: onu son sözünü deməyə, vəsiyyət eləməyə qoymamışdılar. Bu, ən çox Nazimə əzab verirdi. Anasının vəsiyyət edib son arzusunu dilə gətirməyinə imkan vermədiyinə görə özünü bağışlaya bilmirdi. Axı xəstənin yanında hamıdan çox o olmuşdu. Son dəfə anası az qala yalvarışla ona vəsiyyət etmək istədiyini deyəndə o, insafsızcasına buna imkan verməmişdi.

Правообладателям