Читать книгу Özgə ağrısı онлайн

47 страница из 75

– Nə dərin düşüncələrə dalmısan, ana? – Nazim Xədicəni fikirdən ayırdı.

– Heç, bala, elə-belə, – Xədicə köksünü ötürdü.

«Zəhrimar xəstəlik məni hardan tapdı?» – deyə qadın ürəyində söyləndi. Altmış illik həyatı kino lenti kimi gözlərinin önündən gəlib keçdi. Ələddinlə ailə qurmağı, uşaqlarını böyütməyi, onları məktəbə aparmağı, məktəbdən sonra evdə qarşılamağı, dərsləri ilə məşğul olmağı, bişirməyi, düşürməyi, kiminsə üstünə qışqırmağı, kimisə cəzalandırmağı yadına düşdü. Altı övladının heç biri xasiyyətcə o birinə oxşamırdı. Ona görə də hər biri ilə bir cür dil tapmaq lazım idi. Nigar evin böyüyü olduğuna görəmi, yoxsa çox əzizləndiyi üçünmü, uşaqlıqdan yaman ərköyün idi. Evin ikincisi olan, oğlan kimi böyüyən Aynurun dəcəlliyindən bəzən ağlamaq dərəcəsinə gəlirdi. Sakit, həlim təbiətli Nailənin varlığı ev-eşikdə bir o qədər hiss olunmazdı, amma həssas və küsəyən olduğuna görə Xədicə daha çox onu əzizləyərdi. Həm də bunu o biri uşaqlardan xəlvət edərdi. Şən, şux təbiətli Təhminə itoynadanın biri idi. Onu məhəllədə də, məktəbdə də hamı çox istəyirdi. Sonra Nazim dünyaya gəlmişdi. Dörd qızdan sonra doğulan bu uşaq onunla Ələddinə bir dünya sevinc bəxş eləmişdi. Ən gözəl arzuları onunla bağlı idi, Nazim onların evinin çırağı idi. Sonra Çingiz, evin sonbeşiyi. Anasının şirin-şəkər Çingizi. Xədicə balalarını böyütmək üçün gözüylə qor götürmüşdü. İş-gücdən vaxt ayırıb onların dərslərinə xüsusi nəzarət edərdi. Sonra uşaqların institut vaxtları gəlib çatdı. Xədicə uşaqlarının heç birini Bakıya tək buraxmamışdı. Qəbul imtahanları başlanandan qurtarana kimi özü onlarla olmuş, biş-düşlərini hazırlamış, imtahan günlərində onlardan çox həyəcan keçirmişdi. Elə bil imtahan verən özü idi. Sonra uşaqların toy həyəcanları, sevinc hissinə qarışan narahatlıqlar ürəyində neçə-neçə izlər qoymuşdu…

Правообладателям