Читать книгу Özgə ağrısı онлайн

56 страница из 75

– Ay Ələddin, kürəyimi bir az ovuşdur, qulunc məni yaman incidir, – dedi.

– Gəlinə niyə demirsən?

– Gəlindən utanıram.

– Camaat gəlin gətirir ki, qulluğunda dursun, sən də deyirsən ki, utanıram.

Elə bu vaxt Nazim içəri girdi deyə söhbəti yarımçıq qaldı. Gecə Ələddin heç nə olmamış kimi soyunub yerinə girdi. Xədicə daha ona heç nə demədi.

Gecə yarısı belinin ağrısına yuxudan oyanan Ələddin böyrü üstə çevrilmək istəsə də, tərpənə bilmədi:

– Xədicə, ay Xədicə, – deyə həyəcanla arvadını səslədi. – Tez ol, bura gəl, qurumuşam, tərpənə bilmirəm. Bir az belimi ovxala. Xədicə heç nə demədən yerindən qalxıb onun çarpayısının qırağında oturdu, ərinin belini ovxalamağa başladı. Onun əlləri qaynar idi. Ələddinə elə gəldi ki, bədənində iki köz gəzir. Bu qaynarlıqdan canına xoş bir istilik yayıldı.

– Əllərin əcəb istidir…

– Hə, hərarətim var, – Xədicə astadan cavab verdi.

Ələddin onun səsinin titrəyişini indi, üstündən bir ilə yaxın vaxt keçəndən sonra hiss edirdi. O vaxt buna əhəmiyyət verməmişdi. Onda nə tez öz hayına qalmışdı? Bir neçə saat əvvəl Xədicə də kürəyinin ağrısından şikayətlənmişdi. Bəs o niyə Xədicəyə qayğı göstərməmişdi? Sevdiyi qadına niyə bu qədər diqqətsizlik etmişdi?

Правообладателям