Читать книгу Ağ qəm онлайн
116 страница из 131
– Dilarə xanımın kefi necədir? – Namiq Dadaşoviçin yumşaq, mehriban səsi eşidiləndə Dilarə ayağa qalxıb onunla salamlaşdı.
– Niyə qanın qaradır? – deyə rəis soruşdu.
– Heç, elə bir şey yoxdur. – Dilarə cavab verdi.
Namiq Dadaşoviç otağına keçəndə Dilarə özündə nə isə bir yüngüllük hiss etdi. Bayaqkı qanqaralığı yadından çıxdı. Tez elektrik çaynikini qaynadıb çay dəmlədi, balaca podnosa konfet, mürəbbə qoyub rəisin otağına keçdi. Onlan stolun üstünə düzüb geri qayıtmaq istəyirdi ki, rəis dilləndi:
– Bir dəqiqə əyləş, Dilarə.
Dilarə stul çəkib oturdu.
– Necəsən? Çoxdan səninlə söhbət etmirik.
– Çox sağ olun, hər şey yaxşıdır.
– Qızın necədir? Səni çox incitmir ki?
– Xeyr.
– Cavan qadın üçün tək yaşamaq çətindir. Özü də sənin kimi gözəl qadın üçün. Elə deyilmi?
Dilarə çiyinlərini çəkdi.
– Xahiş edirəm, məni özünə yad bilmə. Nə sözün olsa çəkinmə, yaxşımı?
– Sizdən çox razıyam, Namiq Dadaşoviç, – Dilarə onun səmimiyyətindən kövrəldi.
– Məni sadəcə olaraq adımla çağır, Dilarə.
Dilarə başı ilə razılıq işarəsi verib otaqdan çıxdı. Rəisin sözləri onun beynini dumanlandırmışdı. Namiq Dadaşoviç yaraşıqlı, nəzər-diqqəti cəlb edən adam idi. Qadınların çoxunun ondan xoşu gəlirdi. Elə Dilarə də ona qarşı etinasız deyildi. Ərindən ayrıldığı altı il ərzində ona ürək açanlar az olmamışdı. Bir neçəsi ilə görüşmüş, hətta evinə də aparmışdı. Lakin heç biri ilə bir həftədən artıq yaxınlıq edə bilməmişdi. Namiq onlara bənzəmirdi. “Sonra da deyirlər ki, on üç nəhs rəqəmdir. Bunun nəyi nəhs oldu? Rəis katibəsinə səmimiyyətini izhar etdi”, – deyə Dilarə düşündü və bu fikirdən utandı. “İlahi, gör nələr düşünürəm?!” Birdən özünə acığı tutdu: “Ay yazıq, sən nə gün görmüsən axı? Uşaq əskisi yumaqdan başqa neynəmisən? İndi bu gözəlliklə ömrünü bir uşağın yolunda çürüdürsən. Guya uşaq böyüyəndə sənə “çox sağ ol” deyəcək. Ay dedi ha!”