Читать книгу Ağ qəm онлайн

120 страница из 131

Bu gecə də Aynur anasını görmədən, tək-tənha yatacaqdı. Həcər xala harasa getmişdi, ona görə də Aynur səhərdən evdə tək qalmışdı. Onun ürəyinə qəribə bir qorxu çökdü. Bu qorxu yuxusunu tamam qaçırdı. Eyvana çıxıb sağ tərəfdəki eyvana həsrətlə baxdı. Bura onun bağça yoldaşı Çingizgilin eyvanı idi. Aynurla Çingiz buradan tez-tez bir-biri ilə danışar, əylənərdilər. Aynur bağçada ən çox Çingizlə oynayardı. Fürsət tapan kimi oyuncaqlarını ona bağışlayardı.

Eyvanda tez-tez Çingizin atası ilə anası da görünərdi. Çingiz atasının boynundan asılar, onun saçlarını oynadar, anası da gülə-gülə onlara tamaşa edərdi. Belə vaxtlarda Aynurun Çingizə yaman paxıllığı tutardı. Paxıllıq edərdi ki, onun atası var. Aynurun isə atası yox idi. Heç vaxt olmamışdı. Bundan sonra da olmayacaqdı. Atası onu heç vaxt əzizləməyəcəkdi, gəzməyə aparmayacaqdı.

Qonşu eyvanda kimsə görünmürdü. Yağışın paltarını islatdığını görüb evə keçdi, çarpayısına uzandı. Anası yenə harasa, vacib iş dalınca getmişdi. Bu “harasa”nın, “vacib işin” nədən ibarət olduğunu Aynur bilmirdi. Lakin bu gedişlərə ürəyində yaman acığı tuturdu. Anasının gözəl üzü gözləri qarşısında canlandı. Əvvəl özünü onun qucağında təsəvvür etdi: anası onu öpüb oxşayırdı. Lakin bir azdan necə döyüldüyü yadına düşdü. Anası çox vaxt əsəbi, deyingən olardı. Boş bir şeydən özündən çıxar, Aynuru döyməyə başlayardı. Özü də elə hirslə, elə bərk döyərdi ki. Aynur ağrıdan zarıldayardı. Döyməklə ürəyi soyumaz, Aynura qarğış yağdırardı:

Правообладателям