Читать книгу Ağ qəm онлайн

124 страница из 131

Nailənin qorun-qorun yandığını Həcər xala bilirdi. Bunu da anlayırdı ki, o təbiətdə qızlar üçün həyatda özünə həmdəm tapmaq çox çətindir. Nailədən olsa, o, ömründə özünə belə bir adam tapa bilməyəcəkdi. Həmidi isə bu həyətə elə bil Allah özü göndərmişdi. Lakin vaxt keçir, nə Həmid Nailəyə diqqət yetirir, nə də Nailə onu özünə cəlb edə bilirdi. Həcər xala neçə dəfə istəmişdi ki. Həmidlə bu barədə söhbət etsin, onu bu haqda düşünməyə məcbur etsin. Lakin Həmidin acıqlanacağından, inciyəcəyindən ehtiyat edirdi. Digər tərəfdən isə Nailənin mənliyinin tapdalanacağından qorxurdu.

– Həmidlə nə yaraşardız! Allah sizi bir-biriniz üçün yaradıb. – Həcər xala çoxdan ürəyindən keçən fikri birdən dilinə gətirdi.

– Nə danışırsız, Həcər xala? – Nailə utanıb sözünün dalını deyə bilmədi.


* * *


Həmid gəzə-gəzə yaxınlıqdakı bağa gəldi. Skamyalardan birində oturub əllərini qoynunda çarpazladı. Bu gün o, demək olar ki, işləməmişdi. Çox çalışmış, amma fikirlərini bir yerə cəmləşdirə bilməmişdi. Sərin, gözəl qoxular qarışmış yaz havası onu evdə oturmağa qoymamışdı. Hava özü ilə ona nə isə bir qəriblik, bir həzinlik gətirmişdi. Birdən quş civiltisi diqqətini cəlb etdi. Şam ağacının budağında quşlar yamanca səs-küy salmışdı. Akasiya ağacı ağappaq çiçəklərə bürünmüşdü. Havadakı qəribə qoxunun haradan gəldiyini o, indi anladı. Akasiya çiçəyinin ətri onda həmişə həzin duyğular oyadırdı. İndi də yamyaşıl yarpaqlar arasından boylanan bu zərif salxımlara baxa-baxa fikrə getdi. Qəribədir, həmişə yazın gəlişini sevinclə gözləyən, ağaclarda hər yeni zoğun, hər yaşıl yarpağın, hər incə çiçəyin doğulmasına diqqətlə göz qoyan Həmidin bu dəfə yazın gəlişindən xəbəri olmamışdı. O, işə hər gün bu bağdan keçib gedirdi. Axşamlar təmiz hava almağa bura gəlirdi. Birdən yadına düşdü ki, bu gün mayın 4-dür – ad günüdür, 36 yaşı tamam olur. Lakin bu hadisədən ondan başqa heç kəsin xəbəri yoxdur.

Правообладателям