Читать книгу Ağ qəm онлайн
127 страница из 131
Dilarə Həmidin halının dəyişdiyini görüb gülümsədi. Aynurun əlindən yapışdı:
– Gəl gedək. Aynur.
Lakin Aynur anasına qısılıb:
– Ana, Həmidin anası yoxdur, – dedi.
Dilarə üzrxahlıqla Həmidə baxıb heç nə demədi. Ana-bala ondan ayrıldılar. Havada xoş bir ətir qaldı. Bu ətir Həmidə çöl çiçəklərinin qoxusunu xatırlatdı. Aynur tez-tez dönüb ona baxırdı. Tinə çatanda əlini yellədi.
Aynurun bayaqkı sualı Həmidin yadına anasını salmışdı. Bu neçə ildə o, anası üçün belə qəribsəməmişdi, onu belə arzulamamışdı, onun üçün belə darıxmamışdı. Lakin anası yox idi, gedər-gəlməzdə idi. Onu heç zaman görməyəcək, səsini eşitməyəcəkdi. Ana itkisinin nə demək olduğunu ilk dəfə bütün aydınlığı, bütün dərinliyi ilə hiss etdi. “Təkrarolunmaz”, “əlçatmaz”, “ünyetməz” sözlərinin mənasını o, indi anladı. Həmin sözləri bir neçə dəfə beynində təkrar etdi. Bunlann necə dərin, necə ağır, necə soyuq sözlər olduğunu elə bil ilk dəfə dərk elədi.
Anası gözləri qarşısında canlandı. Həmidin institutu bitirib şəhərə təyinat aldığını eşidəndə arvad yaman kövrəlmişdi. Kövrəlmişdi ona görə ki, nəhayət, oğlu arzusuna çatmışdı, nəşriyyatda işləyirdi. Kövrəlmişdi ona görə ki, o, rahat ata-baba ocağım qoyub Bakıda kiçik bir otaqda, tanımadığı adamların arasında tək-tənha kirayədə qalırdı. Kövrəlmişdi ona görə ki. Həmid evlənmək söhbətini eşitmək belə istəmirdi. Gülsüm xala bilirdi ki, oğlu yazı-pozu adamıdır. Qəzetlərdə, jurnallarda çıxış edir. Oğlunun iki kitabı çıxmışdı. Bütün bunlan başa düşdüyünə görə onu iş yerindən ayırmağı rəva görmürdü. Həm də rayonda Həmidi imzasına görə böyükdən tutmuş kiçiyə qədər hamı tanıyırdı. Gülsüm xalanı indi Həmidə görə nişan verirdilər. “Həmidin anasısan?” – deyə tez-tez ona sual verirdilər. Qadın bundan sevinir, qürur hissi keçirirdi. Sevinirdi ki, savadlı, zəhmətkeş, başıaşağı oğul böyüdüb. Evlənmək məsələsi gələndə isə Həmid bir dəfə ona ciddi halda demişdi ki, daha bu barədə söhbət salmasın. Niyə? Çünki hələ ev-eşiyi yoxdur, ailəsini necə saxlayacaq? Gülsüm xala da bu söhbətin üstünə qayıtmamışdı. Ürəyi nisgilli, oğul toyu görmədən həyatdan köçmüşdü.