Читать книгу Ağ qəm онлайн
121 страница из 131
– Səni görüm öləsən. Səni görüm ciyərin yansın. Səni görüm zəlil olasan.
Aynur ağlaya-ağlaya stolun altına girər, onun əlindən qurtulmağa çalışardı. Lakin bundan anası daha da qəzəblənər, paltarından və ya əl-ayağından yapışıb onu çarpayının altından çıxardar, təzədən döyərdi. Həmişə də döyüb-doyüb, birdən ağlamağa başlayardı:
– Ay allah, məni öldür, canım qurtarsın, – deyər, sonra uşağı qucağına alıb öpər, oxşayardı. Aynur da onun qoynuna qısılıb səsini çıxarmazdı. Bir söz deməyə, nə isə soruşmağa ürək eləməzdi. Qorxardı ki, anası təzədən özündən çıxar.
İlk dəfə idi ki. Aynur qaranlıqdan qorxurdu. Qaranlıqda anası gah gülürdü, gah ağlayırdı, gah qəhqəhə çəkirdi, gah onu çimdikləyirdi. Aynur vahimə içində yorğanı üstünə çəkdi.
* * *
Düz on dörd il idi ki, Həmid Həcər xalanın evində kirayənişin qalırdı. On-on beş ailə yaşayan bu böyük həyətdə hamı onun xətrini istəyirdi. Həcər xala isə ondan xüsusilə razılıq edirdi. Həmid hər ayın axırıncı günü kirayə pulunu səliqə ilə kağıza büküb ona verirdi. Evini səliqəli saxlayırdı. Özü də nə yanına cığal-cuğul oğlan gətirir, nə də yelbeyin qızlarla gəzirdi. Tərbiyəli, başıaşağı adam idi. Həcər xalanın bircə narazılığı vardısa, o da Həmidin həddindən çox işıq yandırması ilə bağlı idi. Lakin onun pərdəsiz pəncərəsindən Həmidin stol arxasında oturub daim nə isə yazdığını və ya oxuduğunu görəndə heç nə deyə bilmirdi. Həmidə bu qədər hörmət qazandıran da əslində yazıçılığı idi.