Читать книгу Ağ qəm онлайн

5 страница из 131

Onun qəhrəmanı özünün prototipi idi. Talihə üçün bu əsəri yazmaq çətin deyildi. Hiss və duyğularını, qəmli düşüncələrini, düşdüyü burulğanları, keçirdiyi əzab və işgəncələri, rastlaşdığı eybəcərlikləri sadəcə vərəqə köçürürdü. Yalnız bundan sonra nisbətən sakitləşir, özünə gəlirdi. Yazmaq, içini göynədən, onu yandırıb-yaxan, qərarsız edən duyğuları boşaltmaq onun üçün yeganə təsəlli idi. Qəribə burası idi ki, bundan sonra doğrudan da özünə gəlirdi. Kükrəyib-coşub öz məcrasından çıxan çay yenidən yatağına qayıdanda necə sakitləşirsə, öz adi axan ilə necə axırsa, Talihə də eynilə o cür olurdu. Yazmaq, qəlbindəki fırtınaları qələmlə içindən dartıb çıxartmaq ona bir qədər rahatlıq gətirirdi.

Harda gəldi yazırdı. Qızlarının köhnə dəftərlrinin yarımçıq səhifələrində, təqvim vərəqlərinin arxasında, qəzetlərin ağ haşiyələrində. Bir sözlə, əlinə nə keçsə, onu qaralalyırdı. Bunu ona görə edirdi ki, daha evdə yazmağa təmiz vərəq qalmamışdı. Əvvəllər ağ kağızları işdən gətirərdi. Amma son bir ildə redaksiyanın kağız ehtiyatı tükənmişdi, işçilər bir üzü yazılmış vərəqlərdən istifadə etmək məcburiyyətində qalmışdılar. Artıq bütün kollektiv qənaətə öyrəşmişdi. Talihə isə ikiqat, üçqat qənaətcil olmuşdu. Adətən iri xətlə, tələsik, səliqəsiz yazmağa adət edən, bir yazının üzünü iki-üç dəfə köçürməyə, koçürə-köçürə redaktə etməyə öyrəşmiş Talihə indi xırda hərflərlə, düşünədüşünə, səhvsiz yazmağa çalışırdı ki, israfçılığa yol verməsin. Amma daha qənaətdən də keçmişdi, evdəki kağızları tükənmişdi.

Правообладателям