Читать книгу Ağ qəm онлайн
7 страница из 131
Bir saat ətrafda dolaşandan sonra ərinin ona nişan verdiyi yerə yollandı. “Gənclik” metrosunun girişində alver edən min cür xırdavatçılardan qələm soraqlamağa başladı. Həmişə “qələm alın, beşi min manata” deyib zəhlə tökən uşaqlar bu gün gözə dəymirdilər. Dəzgələrin üstünə qoyulmuş qələmlərin qiyməti isə bərabər şəkildə qalxmışdı. Əlacsız qalıb 350 manata qələm almaq istəyirdi ki, əlində qələm pastası tutmuş bir qocanın onun yanından ötdüyünü görüb sevindi: biri yüz manata idi. Talihə onların yazıb-yazmadığını yoxladı.
– Ay bala, elə bil qızıl alırsan, – qoca deyindi.
Talihə bu sözlərdən yaman utandı. Ürəyində “Alacağın qarğa, verecəyin qırğı” , – deyə fikirləşdi. Eşidən olub-olmadığını yoxlamaq üçün yan-yörəsinə boylandı, pörtdüyünü gizlətmək üçün dedi:
– Əmi, xətrinə dəyməsin, bir dəfə burdan aldığım pastaların içinə rəngli su doldurulmuşdu, ona görə də məcburam yoxlayam.
– Mən namaz qılan adamam, bala, elə insafsız iş tutmaram.– Qocanın sözləri elə inandırıcı idi ki, Talihə daha heç nə deməyib on pasta alıb geri qayıtdı. Ürəyində məmnunluq hiss etdi. “Bir xeyli vaxt qələmə ehtiyacım olmayacaq”. Bu, kədərli sevinc idi.