Читать книгу Ağ qəm онлайн
9 страница из 131
Talihə uzun illər idi ki, qəzetdə ədəbi işçi işləyirdi. Gənclik çağından buraya elə bağlanmışdı ki, başqa iş yerini
ağlına belə gətirə bilmirdi. Qəzet işini sevir, ondan zövq alırdı.Talihə yaxşı jurnalist idi, imzası tanınırdı. Onun hər məqaləsi hadisəyə dönür, əks-səda doğururdu. Bundan başqa onlarca kitabını da burada çalışa-çalışa yazmış, çap etdirmişdi. Redaksiya onun üçün bir növ yaradıcılıq laboratoriyası idi. Saatlarla öz iş stolu arxasında sakitcə oturub yazılarını yazmağa, qəhrəmanlarının taleləri ilə yaşamağa, onların aləmində olmağa adət etmişdi. Ona görə də indi qəzetin bağlanması ona dəhşətli faciə kimi görünürdü.
Əslində son bir ildə kollektivin bütün üzvləri kimi o da redaksiyanın fəaliyyətsiz qalacağı günün uzaqda olmadığı fikri ilə yaşamışdı. Çoxdan heç kəs əmək haqqı almırdı. Vaxtilə yüz minə yaxın oxucu olan gündəlik qəzet indi həftədə, on gündə bir dəfə çap olunurdu. Borcu xərcini ödəmirdi. Amma buna baxmayaraq, hamı, hər gün işə çıxırdı. Hər kəsin ürəyində bir ümid qığılcımı közərməkdə davam edirdi ki, bu əzablı günlər bitəcək, redaksiyanın dəhlizinə, iş otaqlarına çökmüş darıxdırıcı, əzablı sükutun, nəhayət, sonu çatacaq, əvvəlki gur, coşqun redaksiya həyatı yenidən başlanacaq. Amma günlər uzanır, həftələr aylara çevrilir, həmin gün gəlib çıxmırdı ki, çıxmırdı.