Читать книгу Ağ qəm онлайн
8 страница из 131
Belə bir sevincli anı axşam ikinci dəfə yaşadı. Zirzəmidəki rəfin küncündən bir topa plakat tapanda elə bil dünyanı ona verdilər. Talehin üzv olduğu partiyanın sədrinin ağappaq, keyfiyyətli kağızda çap olunmuş portreti parlament seçkilərindən yadigar idi. Pullu, imkanlı sədr o qədər plakat çap etdirmişdi ki, onların hamısını yapışdırmağa Talehin nə həvəsi, nə gücü, nə də vaxtı olmuşdu, ona görə də böyük bir topanı gətirib evdə qoymuşdu. Bir xeyli keçəndən sonra isə evdə yer tutduğuna görə onlan zirzəmiyə düşürtmüşdü.
Talihə plakatları diqqətlə nəzərdən keçirdi: birindən 6 vərəq çıxırdı. Onları evə gətirib səliqə ilə kəsməyə başladı, şkafda yerləşdirəndən sonra rahat nəfəs aldı.Son vaxtlar heç belə sevinməmişdi. Bu sevincə də acı dad qarışmışdı.
* * *
Artıq altı ay idi ki, Talihə işsiz idi. Ömrü boyu dövlət idarəsində çalışmış, səhər saat 9-dan axşam saat 5-ə kimi iş yerində olmağa adət etmiş bir adam üçün birdən-birə belə uzun müddətdə evdə qalmaq o qədər də asan məsələ deyildi. Neçə illər fasiləsiz çalışdığı qəzet maddi çətinliklər üzündən bağlanmışdı. Bakının işsizlər ordusuna onların 40 nəfərlik kollektivi də qarışmışdı.