Читать книгу Ağ qəm онлайн
95 страница из 131
– Get, mənə su gətir, – Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:
– Qapını aç, gedirəm, – dedi.
– Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil. – Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü. – Zərif, sənə nə olub? Bir yerin ağrımır ki? – deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:
– Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.
– Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.
Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.
– Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.