Читать книгу Ağ qəm онлайн

96 страница из 131

Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:

– Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.

– Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!

Aydın doğrudan da onun ayaqları altında yerə döşəndi. Lakin bu hərəkəti Zərifəni daha da hövsələdən çıxardı:

– Alçalma, Aydın, sənə yaraşmır. İstəmirəm ki, alçalasan. Qalx ayağa!

– Demək mənə rəhmin gəlməyəcək, hə?

– Sən bu saat elə haldasan ki, onsuz da heç nəyi başa düşməyəcəksən. – Zərifə qapıya san getdi. Lakin Aydın ona qapını açmağa imkan vermədi. Zərifə boğuq səslə:

– Mənə zərrə qədər hörmət edirsənsə, burax gedim, – dedi.

Aydın daha heç nə demədi. Qapını açıb bir kənarda dayandı. Zərifə özünü bayıra atdı. Azadlığa çıxmış məhbus sevinci ilə qaça-qaça pilləkənləri düşdü. Buradan, onu bu qədər alçatmış, əzmiş, təhqir etmiş bu məkandan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Taksi saxlayıb mindi.

Evə çatanda əl çantasını bir kənara atıb üzüqoylu divana yıxıldı. Xeyli vaxt beləcə uzanılı qaldı. Düşünmək, nəticə çıxarmaq iqtidarında deyildi. Bütün əzaları ağrıyırdı. Aydının kobud barmaqlarının ağrısını, odlu dodaqlarının təmasını bədəninin hər yerində hiss edirdi.

Правообладателям