Читать книгу Ağ qəm онлайн

97 страница из 131

Birdən telefon zəng çaldı. Əvvəl dəstəyi götürmək istəmədi. Amma telefon aramsız olaraq səslənirdi. Nəhayət, əlini dəstəyə uzatdı. Aydın idi:

– Mənəm, Aydın. Eşidirsənmi? Axşama kimi sənə vaxt verirəm. Əgər qayıdıb yanıma gəlməsən, hər şeyi açıb Rəşidə deyəcəyəm.

Elə bil danışan Aydın deyil, hansısa uzaq planetdən gəlmiş yad bir adam idi. Səsi elə soyuq idi ki, Zərifə üşüdü.

– Nə? Nə dedin? – o, qulaqlarına inanmadı.

– Eşitdiyini. Əgər qayıdıb bura gəlməsən, hər şeyi ərinə danışacağam.

– Axı nəyi danışacaqsan? Bizim ki, aramızda heç nə olmayıb.

– Xeyr, olub, sən mənimlə olmusan.

Zərifə eşitdiklərinə inanmadı.

– De, Aydın, nə istəyirsən de. – Zərifə taqətsiz halda dəstəyi yerinə asdı.


* * *


Gecə yarısı qapı zərblə döyüldü. Zərifə diksinib yatağından qalxdı, həyəcandan ürəyi sıxıldı. Qaranlıqda ayaqları ilə başmaqlarını axtardı. Bir tayını ayağına keçirtdi, amma o biri tayını tapa bilmədi. Hirslənib o biri başmağını da soyundu. İşığı yandırmadan qapıya getdi. Açar yerindən kəskin araq iyi onu vurdu. Qapını açıb ərini içəri buraxdı. Rəşidin içkidən qızarmış qəzəbli sifətini görəndə her şeyi anladı: Aydın dediyinə əməl etmişdi. Rəşid salam vermədən, kəlmə kəsmədən otağa keçdi. Zərifə də ürəyi əsə-əsə onun ardınca içəri girdi. Birdən üzündə açılan şillədən müvazinətini saxlaya bilməyib yanındakı stula aşdı, aradan da yerə yıxıldı. Bu, elə ani, elə tez baş verdi ki, Zərifə özünü itirib bir kəlmə söz deyə bilmədi. Rəşid onun yaxasından tutub ayağa qaldırdı, indi də o biri yanağına sillə çəkdi. Sonra isə yumruqlan ilə onun bədəninə ağır zərbələr endirməyə, söyüşlər yağdırmağa başladı. Zərifə ağrıdan qovrulsa da, səsini çıxarmırdı. Qəribə bir inadla, bircə damla göz yaşı axıtmadan bütün bunların nə ilə bitəcəyini gözləyirdi. Onu qəribə bir etinasızlıq, heyrətamiz bir biganəlik bürümüşdü. Daxili sakitliklə, inadcıl təmkinlə bunun nə ilə qurtaracağını gözləyirdi. Hər şeydə olduğu kimi bunda da bir sonluq olmalı idi. Bu sonluq bir saatdanmı, yarım saatdanmı, haçansa gələcəkdi. Bircə səbr etmək lazım idi. “Səbr ilə açılar bağlı qapılar”, – deyə öz-özünə təlqin edirdi.

Правообладателям