Читать книгу Ağ qəm онлайн
98 страница из 131
Rəşid, nəhayət, yorulub stulda oturdu. Arvadının üzünə baxmadan dedi:
– Paltarlarımı yığ, həmişəlik gedirəm. Sənin kimi əxlaqsız qadınla bir damın altında qala bilmərəm.
Zərifə mütiliklə ərinin paltarlarını yığmağa başladı. Heç nə soruşmadı, heç şey demədi. Nəhayət, işi sona çatdıranda Rəşid iri yol çantasını götürüb boğuq səslə:
– Sənədlərini hazırla, məhkəmə yolu ilə ayrılacağıq, – dedi. Sağollaşmadan qapını çırpıb getdi.
Zərifə onun arxasınca qapını qıfıllayıb otağa qayıtdı. Nə ağlamağa, nə də düşünməyə taqəti qalmamışdı. Elə paltarlı halda divanda uzandı. Onun üçün zaman, vaxt məfhumu öz mənasını itirmişdi.
Səhər yuxudan oyananda güzgüdə özünü görüb qorxdu. Üzü, bədəni başdan-başa göy ləkələrlə örtülmüşdü. Bunlar Rəşidin yumruqlarının izləri idi. Bu görünən yaralar onu ağrıtmırdı. Qəlbində daha böyük, daha dərin yaralar göynəyirdi. Bu görünməyən yaralar onu öldürürdü. Başını dəhşətli bir ağrı bürümüşdü. İlıq duşun altında bir xeyli dayandı. Qurulanıb üz-qözünü səliqəyə salmaq istədi. Lakin nə qədər çalışdısa da göyləri heç cür gizlədə bilmədi. Bu halda işə gedə bilməzdi. Yenidən divana uzandı. Gözlərini yumub dünənki hadisələri beynində saf-çürük etməyə başladı. Qəribə bu idi ki, Rəşidin gedişi onu zərrə qədər də ağrıtmamışdı.