Читать книгу Özgə ağrısı онлайн

63 страница из 75

Yeddi ay idi ki, belə əhval-ruhiyyə ilə yaşayırdı. Ata-anası, kiçik bacıları başına pərvanə kimi dolanır, fikir çəkməyə qoymurdular. Doğmalarının ondan ötrü əldən-ayaqdan getdiklərini görəndə Gülbahar əzab çəkir, onların yanında özünü şad göstərməyə çalışırdı. Amma tək qalanda özü ilə bacara bilmirdi. Hər dəfə onu ağlamaqdan gözləri qızarmış halda görəndə evdəkilərin ürəyi qan olurdu. Amma təsəlli verməkdən savayı əllərindən heç nə gəlmirdi.

Gülbahar təkliyin nə demək olduğunu ilk dəfə idi ki, anlayırdı. Bir zamanlar ona desəydilər ki, böyüyüb boya-başa çatdığı doğma evdə, əzizlərinin arasında tənha ola bilər, inanmazdı. Amma indi yaman kövrək olmuşdu. Həzin bir musiqi eşidəndə də, təsirli bir kitab oxuyanda da, gözəl bir filmə tamaşa edəndə də gözləri yaşarırdı. Acizliyindən özünün də acığı gəlirdi, amma nə edəydi?

«Görəsən, indi Rəşid nə edir? Vaxtını necə keçirir?» – deyə düşünürdü. Birdən Rəşid onun xəyalında gözəl bir qızla yanaşı canlandı. Bu fikirdən otaq başına fırlandı, gözlərinə qaranlıq çökdü. Belə bir şey düşünmək onun üçün çox ağır idi. Heç cür ağlına sığışdıra bilmirdi ki, Rəşid özgəyə bağlana bilər.

Правообладателям