Читать книгу Özgə ağrısı онлайн

68 страница из 75

Bu doğma, mehriban səs üçün Rəşid necə də darıxmışdı. Bu iki kəlmə onun bütün ruhunu oynatdı, ömrünün ən şirin anlarını yadına saldı. İlk dəfə Rəşid illərdən bəri ürəyində gəzdirdiyi sevgisini çəkinə-çəkinə ona bildirəndə Gülbahar titrəyə-titrəyə pıçıldamışdı:

– Dərdin alım…

Bütün duyğularını bu iki kəlmə ilə dilinə gətirmişdi. Bu iki kəlmədə çox şey vardı – sevgi, etibar, sədaqət, fədakarlıq.

Toy günü ağ göyərçinə bənzəyən gəlinə tamaşa etdikcə Rəşidin qulaqlarında elə hey şirin bir pıçıltı səslənirdi: «Dərdin alım…»

Onda necə də xoşbəxt idilər! Yox, əvvəlki xoşbəxtlik indikinin yanında heç nə idi. Uzun ayrılıqdan sonra yenidən bir-birinə qovuşmaq özgə səadət idi.

– Bəs… – Gülbaharın səsi titrədi. Lakin Rəşid onun nə demək istədiyini o saat başa düşdü.

– İndi bizim oğlumuz var, – Rəşid bu sözləri fəxrlə dedi.

– Necə? Oğlumuz var? – Gülbahar sevincini gizlədə bilmədi.

Eltisinin dördüncü dəfə hamilə olduğunu bilirdi.

– Tək bizim yox, qardaşımın da.

– Bir uşaq iki ev arasında qalacaqmı?

– Yox gülüm, uşaqlar əkiz doğulublar, onlarınkı da oğlandı, dördüncü oğlan. Allah onları cüt verib ki, valideynlərinin gözləri qalmasın.

Правообладателям